Tərcümeyi Halı
Qasımov Elmar Mustafa oğlu, 10 fevral 1962-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə 134 №-li məktəbin 1-ci sinfinə daxil olub, 1980-cı ildə həmin məktəbi bitirib. 1980-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1986-cı ildə İnstitutu bitirərək təyinat üzrə Cəlilabad şəhərində həkim-oftalmoloq vəzifəsində çalışıb.
1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun nəzdində aspiranturaya daxil olub. 1998-cı ildə “Azərbaycanda qlaukoma nəticəsində baş verən körluq və əlilliyinin tibbi-sosial aspektləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək və tibb elmləri namizədi adını alaraq, Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda baş elmi işçi vəzifəsində işləyib.
2001-ci ildə Qasımov Elmar Moskva şəhərində Fyodorov adına Mikrocərrahiyyə İnstitutunun doktoranturasına daxil olub. 2004-cü ildə “Kvant Generator yeni növünün – mis buxar əsaslı lazeri və oftalmologiyada onun istifadəsinin imkanları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Doktorluq dissertasiyasını Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edib və 2004-cü ilin mart ayında diplomu təsdiq olunmuşdur.
16.07.2004-cü il tarixdə akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun Qlaukoma şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
14.04.2004 – 27.10.2004-cü il tarixdə akademik Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi işlər üzrə prorektoru vəzifəsini icra edib. 27.10.2004-cü ildə isə akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunub. 19.04.2004-cü il tarixindən etibarən akademik Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının müdiri vəzifəsində çalışır.
18.11.2005-ci ildə Qasımov Elmar müvəqqəti olaraq akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru vəzifəsini icra edib. 21.01.2006-cı ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Baş mütəxəssisi vəzifəsinə təyin olunub. 13.03.2006-cı ildə akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru vəzifəsinə təyin edilib.
05.02.2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Elmar Qasımova oftalmologiya kafedrası üzrə “professor” elmi adı verilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 19 dekabr tarixli, 1618 nömrəli Sərəncamı ilə Qasımov Elmar Mustafa oğluna “Əməkdar Elm Xadimi” fəxri adı verilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının 2 may 2017-ci il tarixli ümumi yığıncağında E.M.Qasımov AMEA-nın müxbir üzvü seçilmişdir.
2018-ci ildən Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədridir.
271 elmi əsərin, o cümlədən xaricdə çap olunmuş 72 elmi işin müəllifidir. Elmi tədqiqatların nəticələri müxtəlif yerli və xarici konfranslarda və konqreslərdə təqdim olunub. 22 fəlsəfə doktoru yetişdirib, 5 elmlər doktorunun elmi məsləhətçisi olub. Hal-hazırda 20 fəlsəfə doktorluq dissertasiya işinin rəhbəridir və 13 elmlər doktorluq dissertasiya işinin elmi məsləhətçisidir.